Yerli ödənişlər

1. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş "Reklam haqqında" AR Qanunu və ona uyğun olaraq qəbul olunmuş normativ-hüquqi aktlarla müəyyən edilir.

Həmin Qanunun 15-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamı yalnız rayon və şəhər icra hakimiyyəti orqanlarının icazəsi ilə həyata keçirilə bilər. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün reklam yayıcısı tərəfindən dövlət rüsumu ödənilir.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamı yerləşdirilərkən onun yerləşdirilməsinə dair müqavilə müvafiq bələdiyyə ilə reklam yayıcısı arasında bağlanılır. Həmin müqavilədə küçə reklamının yerləşdirilməsinə və yayımına görə yerli ödənişin məbləği müəyyən edilir.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsinə və yayımına görə yerli ödənişin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, "Reklam haqqında" Qanuna əsasən AR Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalarda küçə reklamının yerləşdirilməsi və yayımının minimum hədləri təsdiq olunmuşdur. Zonalar AR Nazirlər Kabinetinin 26 dekabr 2017-ci il tarixli, 598 nömrəli Qərarı ilə, ödənişin minimum hədləri AR Tarif (qiymət) Şurasının "Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə" 13 iyul 2012-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bunlara əsasən reklam yayıcıları ilə bağlanan müqavilələrdə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsinə və yayımına görə tutulan yerli ödənişin məbləği müvafiq zona üzrə müəyyən olunmuş həddən az olmamalıdır.

Küçə reklamının yerləşdirilməsinə və yayımına görə müəyyən edilmiş ödənişlər reklam yayıcısı tərəfindən müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

2. Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş.

Bələdiyyə mülkiyyətində olan torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsindən alınan ödənişin məbləği hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilələrdə öz əksini tapır.

Torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsi zamanı aşağıdakılar nəzərə alınır:

Torpaq Məcəlləsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan AR vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla).

Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı müəyyən edilən ödənişin məbləği AR Nazirlər Kabinetinin "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə" 23 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarına əsasən həmin torpağa görə ödənilməli olan torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır.

Qeyd: İcarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqlara görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur və bu torpaqlara görə alınan icarə haqqı bələdiyyə tərəfindən mənfəət vergisinə cəlb edilmir.

Misal.

"A" MMC bələdiyyəyə məxsus olan və İmişli rayonunun mərkəzində yerləşən 200 kv. metr torpaq sahəsini məişət xidmətinin göstərilməsi üçün icarəyə götürmüşdür. Həmin torpağın icarə haqqının minimum həddinin müəyyən edilməsi üçün torpağa görə ödənilməli olan torpaq vergisinin məbləği hesablanılır və 2-yə vurulur. Bu halda həmin torpağa görə icarə haqqı 16 manatdan ((200 kv. metr x 4 manat/100 kv. metr) x 2) az olmamalıdır.

3. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş.

Xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişin məbləği bələdiyyələr haqqında qanunvericiliyə uyğun olaraq müvafiq ərazinin bələdiyyəsi tərəfindən müəyyən edilir.

4. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş.

Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə "Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı" təqdim olunmaqla, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla dayanacaqları təşkil edən şəxslər tərəfindən müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!