Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 02.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Məsuliyyət


Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti

Hər bir müəssisənin, idarənin, təşkilastın mühasibatlığına baş (böyük) mühasib rəhbərlik edir. Baş (böyük) mühasibin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında qanunu" ilə tənzimlənir.

Baş mühasib – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

Baş (böyük) mühasibin vəzifələri aşağıdakılardan ibarətdir:

  • Baş mühasib, mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsini, hesablama texnikasının geniş tətbiq olunmasını, mühasibat uçotunun qabaqcıl forma və metodlarının tətbiq edilməsinə nail olmalıdır. Baş mühasibin rəhbərliyi ilə əmlakın uçotu vaxtında və düzgün aparılmalı, istehsal və tədavül xərclərinin uçotu təşkil edilməli, hesabat düzgün və vaxtında tərtib edilməli, maliyyə nəticələrinin uçotu vaxtında və düzgün aparılmalıdır. Baş mühasib kassa və hesablaşma intizamını ciddi gözləməli, əmlakın inventarlaşdırma nəıticələrini düzgün və vaxtında aşkar etməli, onları mühasibat uçotu hesablarında əks etdirməli, müəssisədə baş verən əskikgəlmələri, müəssisə vəsaitinin qanunsuz sərf edilməsini lazımi təşkilatlara xəbər verməlidir.
  • Baş (böyük) mühasib təsərrüfatın bütün sahələrində dövlət nəzarətçisi hesab olunur. Bütün mühasibat işçiləri, onlara həvalə olunmuş vəzifələri yerinə yetirmək üçün dövlət qanunu ilə məsuliyyət daşıyırlar. Öz vəzifələrini yerinə yetirməyən mühasiblər inzibati yolla cəzalanırlar. Baş mühasiblər uçotun aparılması qaydasını qəsdən pozduqda, qanunsuz əməliyyatların icra olunması üçün sənədlər qəbul etdikdə, hesabatı vaxtında vermədikdə, təftişin vaxtında aparılmasını təmin etmədikdə məsuliyyətə və yaxud cinayət məsuliyyətinə cəlb olunurlar.
  • Baş (böyük) mühasib ona həvalə olunan vəzifələri yerinə yetirə bilmək üçün müəyyən hüquqlara malikdir. O, uçotun aparılması və təşkili işində dövlət təyinatlı təsərrüfat strukturları müəssisə, təşkilat, idarə və birlik rəhbərinə tabe deyil. Mühasib müəssisə, təşkilat, idarə və birlik rəhbərinə yalnız inzibati cəhətdən tabedir. Baş mühasib mühasibat uçotunun təşkili, aparılması və hesabatın tərtib edilməsi cəhətdən yuxarı təşkilatın baş mühasibinə tabedir. Baş mühasib yalnız yuxarı təşkilatın rəhbəri və baş mühasibin razılığı ilə işdən azad edilə bilər.
  • Qeyri-dövlət strukturlu olan təsərrüfat strukturlarının baş mühasibləri isə bilavasitə həmin strukturların rəhbərinə (sahibkara) tabedir və qanun dairəsində onun razılığı ilə işə qəbul edilir və işdən kənarlaşdırılır. Uçot işçiləri baş mühasibin verdiyi göstərişləri, məsələn, sərəncamları, tapşırıqları yerinə yetirməlidir. Bütün pul, material, hesablaşma sənədlərində, bağlanmış müqavilələrdə və razılıqlarla mütləq baş mühasibin imzası olmalıdır.
  • Baş mühasibin müəssisə və yaxud təşkilatların pul və material vəsaitinin müəyyən olunmuş qaydada qorunub saxlanmasını, qayda-qanunu gözləməyən mühasibat işçilərinə inzibati və maddi cəza verilməsini tələb etməyə hüququ vardır.

"Mühasibat uçotu haqqında" AR Qanunun 16 maddəsinə əsasən:

Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət

16.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

16.2. Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qüvvədə olan normativ aktlara görə Baş mühasiblər bir neçə məsuliyyət növlərinə cəlb edilə bilərlər :

  • Cinayət məsuliyyəti
  • İnzibati məsuliyyət
  • Vergi məsuliyyəti
  • Maddi məsuliyyət
  • Əmək intizamı məsuliyyəti
  • Mülki-hüquq məsuliyyəti

Cinayət məsuliyyəti

Cinayət məsuliyyətinə müəssisədə mühasibat uçotunu aparmağa görə qanunun tələblərini pozan şəxslər adətən AR Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə görə cəlb edilə bilər:

Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma

202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə -

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma -

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.3. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə "xeyli miqdar" dedikdə, ödənilməmiş gömrük ödənişlərinin 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləği, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 min manatdan artıq olmayan məbləği, "xüsusilə külli miqdar" dedikdə 500 000 min manatdan yuxarı olan məbləği başa düşülür.

Maddə 213. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma –

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213.3. Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu maddədə "xeyli miqdar" dedikdə, 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə 500 000 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Onu da qeyd edtmək lazımdır ki, baş mühasib və mühasib AR Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə də cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb edilə bilər:

  • Maddə 192. Qanunsuz sahibkarlıq
  • Maddə 192-1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
  • Maddə 193. Yalançı sahibkarlıq
  • Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma
  • Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma
  • digər maddələr.



İnzibati məsuliyyət

"Mühasibat uçotu haqqında" AR Qanunun 16-cı maddəsinə əsasən:

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İnzibati məsuliyyətə Baş mühasiblər AR İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələri ilə cəlb edilə bilərlər:

Maddə 460. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu maddədə "az miqdar" dedikdə, 20 000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması

461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər 50 manat məbləğində cərimə edilir.

461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə -

fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə edilir.

461.2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər 50 manat məbləğində cərimə edilir.

Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -

vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Maddə 464. Məcburi auditdən yayınma

"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

İnzibati məsuliyyətə müəssisənin günahkar vəzifəli şəxsləri cəlb edilir - Müəssisə rəhbəri və ya Baş mühasib. Məsuliyyətə onlar, inzibati xətanın kim tərəfindən törədildiyindən asılı olaraq birliktə, və ya ayrı-ayrı cəlb edilə bilərlər.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!