Hüquqi şəxslər

Hüquqi şəxs anlayışı və onun növləri

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki,

  • mülkiyyətində ayrıca əmlakı vardır,
  • öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,
  • öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,
  • vəzifələr daşımaq,
  • məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
  • Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

Hüquqi şəxslər 3 qrupa ayrılır:

  • Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;
  • Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;
  • Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

Publik hüquqi şəxslərin fəaliyyəti AR Mülki Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" və "AR Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Hüquqi şəxsin hüquq qabiliyyəti

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.

Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.

Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Hüquqi şəxsin yaradılması

Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq

  • hüquqi şəxsin nizamnaməsini,
  • onun yaradılması üzrə birgə fəaliyyət qaydasını,
  • özlərinin əmlakının ona verilməsi və
  • onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

Hüquqi şəxslərin dövlət qeydiyyatı

Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir:

  • qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə AR Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə AR Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
  • kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində AR İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.

Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.

Hüquqi şəxsin orqanları

Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

Hüquqi şəxsin mənafeləri üçün AR Mülki Məcəlləsi ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

  • hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
  • hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
  • hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
  • hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
  • özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
  • səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

Yuxarıda (AR Mülki Məcəlləsinin 49.4-cü maddəsində) nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.

Hüquqi şəxsin məsuliyyəti

Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

AR Mülki Məcəlləsində Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Nümayəndəliklər və filiallar

Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.

Hüquqi şəxsin yenidən təşkili

Hüquqi şəxsin yenidən təşkili

  • birləşmə,
  • qoşulma,
  • bölünmə,
  • ayrılma,
  • çevrilmə
onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

Bankların yenidən təşkili "Banklar haqqında" AR Qanununa uyğun olaraq həyata keçirilir.

Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması AR Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi

Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.

Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar

Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin etdiyi və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırdığı hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar.

Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Hüquqi şəxsin ləğvi

Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

  • onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
  • hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
  • lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında" və "İnvestisiya fondları haqqında" AR-nın qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə;
  • məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.

Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.

Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.

Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün AR Mülki Məcəlləsi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi "Banklar haqqında" AR Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi AR-nın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yazı sonuncu dəfə 2023-10-25 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!