Ümumi tələblər


Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydalarına əsasən:

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

Maliyyə hesabatları mühasibat uçotu subyektinin bütün bölmə, filiallarının və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini əhatə etməlidir, yerləşməsindən asılı olmayaraq.

Maliyyə hesabatlarında, ilk maliyyə ili istisna olmaqla, məlumatlar ən azı iki hesabat dövrü üzrə verilməlidir - cari və bir il öncə. Əgər keçən ilin məlumatları ilə cari ilin məlumatları müqaisə ediləsi deyillərsə, o zaman, keçmiş ilin məlumatlarına müvafiq düzəlişlər edilməlidir.

İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydası.

Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir.

Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində AR Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi.

İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

  • qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində dərc olunması;
  • qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması.
Mühasibat uçotu haqqında AR Qanunu, Maddə 2.1.9

İctimai əhəmiyyətli qurumlar - kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.

AR Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) siyahısını AR Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin siyahısını isə AR Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün hesabat dövrü

Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

  • İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
  • Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;
  • Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.

Maliyyə hesabatları müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır. Mühasibat uçotu peşakar mühasibat təəşkilatı tərəfindən aparılırsa, o zaman, maliyyə hesabatı müəssisənin rəhbəripeşakar mühasib müəssisəsinin rəhbəri tərəfindən imzalanır.

Maliyyə hesabatları Azərbaycan manatı ilə və Azərbaycan dilində tərtib edilir.

Yazı sonuncu dəfə 2019-01-11 tarixində yenilənib.

maliyyə hesabat

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!