Satışdan olan gəlir


Satışdan olan gəlirlər (malların satışı, xidmətlərin göstərilməs, işlərin görülməsi) alıcılar (sifarişçilər) ilə bağlanılan müqavilələrdəki qiymətlərə əsasən müəyyən edilir.

Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə;
  2. müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
  3. gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  4. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  5. əməliyyat ilə bağlı keçmiş və gələcək xərcləri etibarlı əsasda qiymətləndirmək mümkün olduqda.

Müəssisənin əməliyyat fəaliyyətinin həyata keçirilməsi zamanı malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəliri barədə ümumiləşdirilmiş məlumatlar 601 №li "Satış" hesabında əks etdirilir.

Sair əməliyyat gəlirlərinin uçotu Hesablar Planının 611-ci hesabında əks etdirilir.

Gəlirlərin uçotu ilə eyni zamanda satılmış malların maya dəyərini silmək lazımdır. Bunun üçün əsas sənəd Qaimə-Fakturadır. Qaimə-Faktura 2 nüsxədə hazırlanır.

Ambardar doldurulmuş və imzalanmış Qaimə-Faktura-nı mühasibatlığa təhvil verir. Qaimə-Faktura əsasında mühasib malların məxaric olunmasını (maya dəyərinin silinməsini) mühasibat uçotunda müvafiq müxabirləşmə ilə əks etdirir.

Mühasibat uçotunda malların satışını və maya dəyərinin silinməsini əks etdirdikdən sonra, uçotda hesablanmış vergilər əks olunmalıdır.

Misal.

Mebel istehsalı ilə məşğul olan Mebelim MMC-nin anbarına istehsal sexindən 5 yataq mebeli dəsti daxil olmuşdur. Daxil olmuş yeni mebellərin maya dəyəri 600 AZN-dir. Yataq dəstlərinin hər biri 1 180 AZN-ə (ƏDV daxil) satılmışdılar. Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə əks etdirməlidir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsalat sexindən anbara hazır yataq dəstlərinin daxil olması 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 3 000
2 Yataq dəstlərinin satışından gəlir əks olunur 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 5 000
3 Yataq dəstlərinin satışından hesablanmış ƏDV əks olunur 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri - ƏDV" 900
4 Satılmış yataq dəstinin maya dəyəri silinir 701 "Satışın maya dəyəri üzrə xərclər" 204 "Hazır məhsul" 3 000
5 Müştəridən yataq dəstlərinə görə pul daxil olur - əsas məbləğ 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 000
6 Müştəridən yataq dəstlərinə görə pul daxil olur - ƏDV 223 "Bank hesablaşma hesabları" 226 "ƏDV sub-uçot hesabı" 900
7 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - gəlirlər silinir 601-1 "Malların satışı" 801 "Ümumi mənfəət (zərər)" 5 000
8 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - xərclər silinir 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri üzrə xərclər" 3 000


Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

Satışdan olan gəlir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!