İnventarizasiya haqqında anlayış və ona hazırlıq


Müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.

İnventarizasiya - müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.

Azərbaycan Rеspublikasında invеntarlaşmanın aparılması prinsiplərini 16 iyul 2013-ci il tarixli Maliyyə Nazirliyinin Kolleqiyasının Qərarı ilə təsdiqlənmiş "Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları" əsasında icra оlunur.

Təcrübədə bir neçə növ inventarizasiya mövcuddur.

Qismən inventarizasiya hər bir obyekt üçün ildə bir dəfə aparilir; bu cür inventarizasiya (yoxlama) yüksək daxili təşkilati səviyyə tələb etməyən və bir qayda olaraq istehsal prosesinə maneçilik törətməyən ən etibarli üsuldur.

Dövri inventarizasiya əmlakin növ və xarakterindən asili olaraq konkret vaxtda aparilir.

Tam inventarizasiya təşkilatın bütün əmlakının yoxlanması deməkdir. Onlar illik hesabat tərtib etməzdən əvvəl ilin axırında həmçinin maliyyə və istintaq orqanlarının tələbi ilə tam sənədli təftiş zamanı aparılır.

Seçmə inventarizasiya ayrı-ayrı istehsal sahələrində yaxud maddi məsul şəxslərin yoxlanması, məsələn, kassada olan nəğd pul vəsaitinin mövcudluğunun yoxlanması, müxtəlif növ materialların qalığının çıxarılması və i.a. zamanı aparılır.

Hesabat ilində inventarizasiyanın miqdarı, onun aparılma tarixi, yoxlanılan əmlak və öhdəliklərin siyahısı təşkilat tərəfindən təyin olunur. Bu zaman inventarizasiya aparmaq zəruri sayılan hallar istisnalıq təşkil edir.

İnventarizasiya nə vaxt aparılır?

İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisə tərəfindən müəyyən edilir.

İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:

  • müəssisənin əmlakı satıldıqda, alındıqda, icarəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulduğu qaydada dövlət və bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti, yaxud başqa qurum (müəssisə) kimi yenidən təşkil edildikdə;
  • illik mühasibat (maliyyə) hesabatlarının tərtibindən əvvəl 01 oktyabrdan tez olmayaraq əmlakın və öhdəliklərin mövcud vəziyyətinin tamamilə başdan-başa yoxlanması məqsədilə inventarizasiya keçirildikdə.
  • müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və qanunvericilikdə nəzərdə tutulan digər hallarda;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • müəssisənin əmlakı və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir.

İnventarizasiyaya hazırlıq işləri

İlk öncə müəssisə rəhbərinin əmri hazırlanır. Əmr-də inventarizasiyanın keçirilicəyi tarix və onu keçirəcək komissiyanın üzvləri qeyd edilir. Komissiyanın üzvləri inzibat şöbənin, mühasibatlıq bölməsinin işçiləri, həmçinin aktivlərin vəziyyətini qiymətləndirə bilən digər mütəxəssislər də ola bilər.

Bundan başqa, əmr-də hansı aktiv və öhdəliklərin inventarizasiya olunacağı qeyd edilir.

İnventarizasiyaya başlamazdan əvvəl mühasibatlıq bölməsi komissiyaya aktiv və öhdəliklərin siyahısını və dəyərini əks etdirən məlumatları təqdim etməlidir. Bu məlumatlar material ehtiyatlarının hərəkətləri barədə hesabatlardan və mühasibat uçotu reqistrlərindən götürülür (mühasibat uçotu proqram təminatları lazımi məlumaları təmin edə bilər).

Mühasibat uçotu reqistrlərində aşağıdakı məlumatlar olmalıdır:

  • təsərrüfat əməliyyatının tarixi və adı;
  • onun məbləği;
  • inventarizasiyanın başlaması tarixinə mühasibat uçotu hesablarının qalıqları

Registrlərdə olan məlumatlar ilkin sənədlər ilə təsdiqlənməlidir.

İnventarizasiya komissiyasının rəhbəri hesabatlara (reqistrlərə) əlavə edilən mədaxil və məxaric sənədlərini imzalayır, və onların üzərində "inventarizasiyadan əvvəl ______ tarixinə". Bu sənədlər əsasında komissiya invetarizasiyanın əvvəlinə aktiv və öhdəliklərin dəyərini müəyyən edir. Bu məlumatlar inventarizasiya cədvəllərinə və aktlarına əlavə edilir ("Mühasibat uçotu sənədlərinə əsasən" bölməsinə). Aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir (Əlavə №5).

İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir. Hər bir aktiv və öhdəliklərin növlərinə ayrıca cədvəl tərtib edilir. Misal üçün, pul vəsaitləri və onların ekvivalentləri, torpaq, tikili və avadanlıqlar, ehtiyatlar və s.

Aktivlərin inventarizasiyası madd-məsul şəxslərin (anbardar, xəzinadar və s.) iştirakı ilə keçirilir. Bu işçilərdən iltizamnamə alınır ki, onlar inventarizasiya müddətinə kimi öhdələrində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim ediblər. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməyiblər, heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almayıblar.

İnventarizasiya cədvəlləri komissiya üzvlərinin bütün üzvləri və maddi-məsul şəxslər tərəfindən imzalanır. Əgər sənəddə birinin imzası olmasa inventarizasiyanın nəticələri etibarsız hesab edilə bilər. Cədvəllər müəssisənin arxivində 5 ildən az olmayaraq saxlanılmalıdır.

Yazı sonuncu dəfə 2019-02-12 tarixində yenilənib.

inventarizasiya anlayış növləri əskik itki

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!