İlkin sənədlər


Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.

İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.

Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.

Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.

İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir

İlkin sənəd baş vermiş təsərrüfat əməliyyatının hüquqi qüvvəsini təsdiqləyir və təsərrüfat əməliyyatını icra edən şəxslərin məsuliyyətini müəyyən edir.

Bir çox ilkin sənədlərin vahid forması dövlət orqanları tərəfindən müəyyən edilib, misal üçün, əsas vəsaitlərin, əmək haqqının, pul əməliyyatlarının və s. uçotunu əks etdirən. Əgər rəsmi olaraq, ilkin sənədin vahid forması müəyyən edilməyibsə, müəssisənin özü bu formanı tərtib edə bilər. Belə olduqda, bu sənəddə mütləq aşağıda göstərilən rekvizitlər olmalıdır:

  • sənədin adı;
  • sənədin tarıxı;
  • müəssisənin adı;
  • təsərrüfat əməliyyatının tərkibi;
  • təsərrüfat əməliyyatının ölçü vahidləri;
  • məsul şəxslərin siyahısı və vəzifələri;
  • məsul şəxslərin şəxsi imzası.
AR Vergi Məcəlləsi, Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanılması

71.1. Vergi ödəyicisi olan hər hansı şəxs:

71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən;

71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən;

71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir.

71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.



Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!