Uçot siyasəti


Hər bir müəssisədə mühasibat və vergi uçotunun düzgün aparılması üçün müəssisədə uçot siyasəti hazırlanmalıdır. Uçot siyasəti dedikdə müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotunun aparılma qaydalarının məcmusu nəzərdə tutulur. Uçot siyasəti müəssisədə mühasibat və vergi uçotlarının aparılması üçün tərtib edilir.

Mühasibat uçotu haqqında AR Qanununa əsasən:

Uçot qaydaları – mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə hüquqi aktlardır.

Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.

Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər. IAS 8:

Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.

Müəssisənin uçot siyasəti Baş mühasib tərəfindən hazırlanır və müəssisə Rəhbəri tərəfindən təstiqlənir.

Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur:

  • müəssisə öz əmlakını və öhdəliklərini digər müəssisələrin əmlakından və öhdəliklərindən ayırır;
  • müəssisə uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafina, əmlak və öhdəliklərinə, həmçinin borclarinin vaxtli-vaxtinda ödənilməsinə təminat verir;
  • müəssisənin uçot siyasətini Azərbaycan Respublikasinin Mühasibat uçotu sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul edir;
  • müəssisə gəlir və xərclərin hesabat dövrünə düzgün aid etməli, bütün təsərrüfat əməliyyatlarinin ardicil olaraq uçot registrlərində düzgün xronoloji qeydiyyatini təmin etməli, mövcud əmlakın, öhdəliklərin, kapitalin, hesablaşmalarin və digər sərvətlərin inventarizasiyanin nəticəllərini uçotda tam və düzgün əks etdirməlidir.

Müəssisənin uçot siyasəti əsasən aşağidakilari özündə əks etdirir:

  • müəssisə əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vasitələrinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarının natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqədə, mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün yığılması və qaydaya salınması sistemini təmin edir;
  • müəssisə rəhbəri mühasibat uçotunun təşkili formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloigiyasını təmin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində nəzarət qaydasını sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir;
  • müəssisə ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanmasını tələb edir;
  • müəssisə maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin yaxud öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işini – ehtiyatlılığı təmin edir;
  • müəssisə hər dəfə analitik uçot məlumatlarını sintetik uçot məlumatları ilə tutuşduraraq mühasibat uçotu və hesabatının düzgünlüyünü yoxlayır.

Uçot siyasətinin formalaşması zamanı mühasibat uçotunun təşkili və aparılması (daxili uçot və hesabat qaydalarının yaradılması), inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsullari, fondlar və ehtiyatların yaradılması, satışdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarının təşkili, aylıq, rüblük və illik hesabatların hazırlanması və s. işlərin görülməsi barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır.

Müəssisə rəhbəri uçot siyasətini formalaşdıran zaman "Mühasibat uçotu haqqinda" AR Qanununu əldə rəhbər tutaraq onun bütün tələlblərini yerinə yetirməlidir. Uçot siyasəti həmçinin Azərbaycan Respublikasının qanunverici orqanları tərəfindən qəbul edilmiş Mühasibat uçotu standartlarinin tələblərinə uyğun olmalıdır.

Müəssisənin uçot siyasətində hər dəfə Azərbaycan Respublikasının qanunverici orqanları tərəfindən qəbul edilmiş mühasibat uçotu standartlarının tələblərinə uyğun əlavə və dəyişikliklər edilə bilər.

Təşkilatin uçot siyasətinə (metodoloji, təşkilati-texniki istiqamət baxımından) əsas baxışlar.

Uçot siyasətində metodoloji, təşkilati-texniki baxışlar özünə məxsus xüsusi əhəmiyyətə malikdir.

Metodoloji baxış aşağıdaki nöqteyi-nəzərləri özündə birləşdirir:

  1. Əsas və dövriyyə vəsaitlərinin özlərinə aid əşyaya aid edilməsinə hədd qoyulması.
  2. Əsas vəsait və qeyri-maddi aktivlər üzrə amortizasiyanın hesablanma qaydası.
  3. Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın əks etdirilməsi üçün sxematik yazılış variantının seçilməsi.
  4. Ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsi üsullarının təyin edilməsi.
  5. Ümumtəsərrüfat xərclərinin istehsalat yaxud “Satış” hesabına silinməsi variantının seçilməsi.
  6. Tədarük üzrə əməliyyatların ona aid hesablarda və material dəyərlilərinə birləşdirilməsinin əks etdirilmə qaydasının təyin edilməsi.
  7. Maddi – istehsal ehtiyatlarına görə hesablaşmaların və onların maya dəyərinin hesablanmasına görə metodun təyin edilməsi.
  8. İstehsala məsrəflərin və məhsulun maya dəyərinin uçotu və kalkulyasiya etmə variantının seçilməsi.
  9. Qarşıdaki xərclər üçün ehtiyatların siyahısının tərtib edilməsi.
  10. Əsas vəsaitlərin uçotu və onun təmirinin aparılma qaydasının təyin edilməsi.
  11. Məhsul (iş, xidmət) satışından gəlirin müəyyən edilmə qaydasının müəyyən olunması.
  12. Gələcək dövr gəlir və xərclərinin uçotu variantının seçilməsi.
  13. Debitor və kreditor borclarının qiymətləndirilməsi qaydasının təyin edilməsi.
  14. Material dəyərlilərinin qiymətlərinin aşağı salınması, qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsi və şübhəli borclar üçün ehtiyatın yaradılmasi və istifadəsi qaydasının təyin olunması.
  15. Ehtiyat kapitalının uçotunun aparılma qaydasının müəyyən edilməsi.
  16. Satış xərclərinin yaradılması və bölüşdürülməsi variantının seçilməsi.
  17. Məzənnə fərqi və onun uçotu qaydasının təyin edilməsi.
  18. Əvəzsiz alınmış pul və material dəyərlilərinin uçotu variantının seçilməsi.
  19. “Məhsul (iş, xidmət)” hesabının uçotu variantinin seçilməsi.
  20. Məqsədli maliyyələşmənin istifadəsi və onun uçotu variantının seçilməsi.
  21. Xalis mənfəətin müəyyən edilməsi və bölüşdürülməsi variantının seçilməsi.
  22. Dividendin hesablanması və ödənilməsi qaydasının müəyyən edilməsi.
  23. “Mənfəət və zərər” və s. hesabin yaradılması və bağlanması qaydasının təyin olunması.

Təşkilati-texniki baxış isə aşağıdakı nöqteyi-nəzərləri əhatə edir:

  1. Mühasibat uçotunun formalarını seçmək.
  2. Mühasibatlığın işini təşkil etmək.
  3. İstehsaldaxili uçot, hesabat və nəzarət sistemini seçmək.
  4. Əmlak və öhdəliklərin inventarizasiyası qaydasını təyin etmək. Sənəd dövriyyəsinin qaydasını işləmək.
  5. Mühasibat uçotunun hesablar planını işləmək.
  6. Uçot informasiyalarının texnoloji işlənməsini həyata keçirmək.
  7. Hesabatın həcmi, müddəti və təqdim edilmə ünvanını təyin etmək.
  8. Auditor və digər təşkilatlarla qarşılıqlı əlaqə sistemini təyin etmək.

Təşkilatın uçot siyasəti təşkilat rəhbərinin əmri ilə təsdiq olunur və hüquqi qüvvəyə minir. Bu baxımdan yuxarıda qeyd edilən bütün nöqteyi-nəzərlər müvafiq normativ sənədlərlə əsaslandırılmaqla ona daxil edilməlidir. Sadalanan siyahılar nümunə kimi verilmiş və onlar təsərrüfat fəaliyyətinin istiqamətindən və müəssisə və təşkilatların səviyyəsindən asılı olaraq artırıla yaxud azaldıla bilər.

Son illərdə Azərbaycanda mühasibat və vergi uçotunda xeyli dəyişikliklər baş vermişdir. Buna görə təşkilatın uçot siyasətini hazırlayan zaman "Mühasibat uçotu haqqında" AR Qanunu, digər qanunlar, AR Prezidentinin fərman və sərəncamları, AR Nazirlər Kabinetinin qərarları, Maliyyə Nazirliyinin əsasnamələri, əmrləri, təlimatları, məktubları və digər normativ sənədlər əsas götürülməli və onlara istinad edilməlidir.

Uçot siyasəti konstruktoru

Yazı sonuncu dəfə 2019-09-20 tarixində yenilənib.

Uçot siyasəti

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!