İş vaxtının rejimi


Hər bir müəssisədə iş vaxtının rejimi müəyyən edilməlidir. O, müəssisənin daxili intizam qaydalarında təsdiq edilir.

Əgər bəzi işçilərin iş vaxtının rejimi müəssisədə təsdiq edilən iş rejimindən fərqlənirsə, onların iş vaxtlarının rejimi ayrıca əmək müqavilələrində müəyyən edilir.

İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

İş vaxtının rejimi və onu müəyyən edən qaydalar AR Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

Müəssisə aşağıdakı iş vaxtının rejimi qaydalarını müəyyən etməlidir:

  • iş həftəsinin növü (iki istirahət günü olan beşgünlük iş həftəsi, bir istirahət günü olan altıgünlük iş həftəsi, istirahət günləri sürüşən cədvəl ilə olan iş həftəsi);
  • iş vaxtının uçot qaydası (gündəlik, həftəlik, cəmlənmiş uçot);
  • gündəlik iş vaxtının (növbənin) müddəti;
  • sutkadakı növbələrin sayı;
  • iş və qeyri-iş günlərinin növbələşməsi;
  • işdə fasilələrin vaxtı və müddəti;
  • gündəlik iş vaxtının başlanması və qurtarması

İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

Gündəlik iş vaxtının başlanması və qurtarması (növbələr) iş qrafikində göstərilir. İş qrafiki müəssisə rəhbəri tərəfindən təsdiq edilir.

Qrafik gəbul edilmiş iş vaxtı uçot qaydasına əsasən tərtib edilir. Müəssisədə aşağıdakı iş vaxtının uçot qaydaları təyin edilə bilər:

  • gündəlik (altıgünlük iş həftəsində istifadə edilir);
  • həftəlik (beşgünlük iş həftəsində istifadə edilir);
  • cəmlənmiş (fasiləsiz işləyən müəssisələrdə istifadə edilir)

İş vaxtının gündəlik uçotu.

İş vaxtının gündəlik uçotu altıgünlük iş həftəsində istifadə edilir. Bu zaman, iş gününün müddəti aşağıda verilən müddətdən artıq təyin edilə bilməz:

  • 7 saat - 40 saatlıq iş həftəsi təyin edilmiş işçilər üçün;
  • 6 saat - 36 saatlıq iş həftəsi üçün;
  • 4 saat - 24 saatlıq iş həftəsi təyin edilmiş işçilər üçün.
İş vaxtının gündəlik uçotu zamanı iş vaxtından artıq vaxtda görülən işi başqa gündə az ilənmiş iş ilə əvəz etmək olmaz. Təyin edilmiş vaxtdan artıq görülən iş iş vaxtından artıq vaxtda görülən iş hesab edilir.

Altıgünlük iş həftəsində işçilərə bir istirahət günü verilir (həftəlik istirahət günü). Adətən bu bazar günü olur.

Bundan başqa AR Əmək Məcəlləsi ilə müəyyən edilən bayram günləri, səsvermə günü və ümumxalq hüzn günü qeyri-iş günü hesab edilir. Qeyri-iş günlərinin, illik iş vaxtı normasının, orta aylıq iş vaxtı normasının, orta aylıq iş günlərinin sayının təyin ediməsi hər il dekabr ayının sonunadək növbəti il üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən "İstehsalat təqvimi" ilə müəyyən edilir.

  • 1-2 yanvar - Yeni il bayramı;
  • 20 yanvar - Ümumxalq hüzn günü;
  • 8 mart - Qadınlar günü;
  • 20,21,22,23,24 - Novruz bayramı;
  • 9 may - Faşizm üzərində qələbə günü;
  • 28 may - Respublika günü;
  • 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü;
  • 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
  • 9 noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü ;
  • 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü;
  • 2 gün - Qurban bayramı;
  • 2 gün - Ramazan bayramı
İş qrafiki aşağıdakı kimi tərtib edilə bilər:

İş vaxtının həftəlik uçotu.

İş vaxtının həftəlik uçotu beşgünlük iş həftəsində istifadə edilir. İş vaxtı qrafikinin təsdiq ediməsi zamanı nəzərə almaq lazımdır ki, həftəlik normal iş vaxtının müddəti 40 saatdan, qısaldılmış iş vaxtının müddəti isə 36 və 24 saatdan artıq müəyyən edilə bilməz.

Beşgünlük iş həftəsində işçilərə iki istirahət günü verilir (həftəlik istirahət günləri). Adətən bunlardan biri bazar günü, digəri isə istənilən gün ola bilər. Bu günlər əmək müqaviləsində, və ya müəssisənin intizam qaydalarında təsdiq edilir.

Adətən, istirahət günləri işçilərə dalbadal verilir. Eyni zamanda, AR Əmək Məcəlləsi ilə müəyyən edilən bayram günləri, səsvermə günü və ümumxalq hüzn günü qeyri-iş günü hesab edilir. Qeyri-iş günlərinin, illik iş vaxtı normasının, orta aylıq iş vaxtı normasının, orta aylıq iş günlərinin sayının təyin ediməsi hər il dekabr ayının sonunadək növbəti il üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən "İstehsalat təqvimi" ilə müəyyən edilir.

İş qrafiki aşağıdakı kimi tərtib edilə bilər:

İş vaxtının cəmlənmiş uçotu.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda hesabat dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

İş vaxtının cəmlənmiş uçotu - işin və/və ya istehsalatın xüsusiyyətlərindən asılı olaraq qanunvericiliklə nəzərdə tutulmuş iş vaxtı normasına gündəlik, həftəlik deyil, daha uzun qeydiyyat (uçot) dövrü kimi aylıq, rüblük, yarım illik və ya illik olaraq riayət olunmasını nəzərdə tutan iş saatlarının uçotu formasıdır. Bu cür iş vaxtının uçotu nəqliyyat, rabitə və s. dayanmadan iş olan müəssisələrdə olur.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Bu sənədlərdə, eyni zamanda, uçot dövrü də müəyyən edilir. Bu ay, rüb, yarımil və ya il ola bilər.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. İş qrafikinin qurulması zamanı istehsalat təqvimi üzrə uçot dövrü kimi seçilmiş dövrə düşən iş saatlarının həcminin aşılmamasına diqqət yetirilməlidir.

Misal üçün, əgər müəssisədə uçot dövrü aydırsa, o zaman, 2017-ci ilin iyul ayında işçilər 168 saatdan artıq işləyə bilməzlər.

Misal. İş vaxtının cəmlənmiş uçotu.

İşçi növbəli iş qrafiki ilə 2 gün işləyir, 2 gün dincəlir. Gündüz növbəsinin müddəti 11 saat təşkil edir, gecə növbəsinin müddəti isə 12 saatdır. İşəgötürən bu cür iş qrafiki ilə işləyən bütün işçilərə gündəlik və həftəlik iş müddətini təmin edə bilmədiyi üçün müəssisədə iş vaxtının cəmlənmiş uçotu təşkil edilib. Hesabat dövrü aydır.

İşçi iş vaxtı norması qısaldılmış və ya natamam olan xüsusi işçi kateqoriyalarına aid deyil. Buna görə onun normal həftəlik iş vaxtı norması 40 saatdır.

2017-ci ilin oktyabr ayında işçi 184 saat işləməlidir. Gəlin baxaq işçi noyabr ayında iş vaxtından artıq işləyəcəkmi?

1. İşçinin hesabat dövrü aydır. 2017-ci ilin İstehsalat təqvimi və iş vaxtının normasına görə 2017-ci ilin oktyabr ayı üçün iş vaxtı norması 176 saatdır. Baxaq bu rəqəm necə hesablanıb.

2017-ci ilin Oktyabr ayında 22 iş günü var (5 günlük iş həftəsində).

22 iş günü * 8 saat = 176 iş saatı.

2. Gəlin baxaq 2017-ci ilin oktyabr ayında növbəli iş qrafiki ilə işçi iş vaxtından artıq nə qədər işləyəcək.

184 saat (qrafik üzrə faktiki işlənilən iş vaxtı) - 176 (hesabat dövrü üzrə iş vaxtı norması) = 8 saat.

Beləliklə, işçi 2017-ci ilin oktyabr ayında 8 saat iş vaxtından artıq işləyəcəkdir. Bu iş vaxtından artıq iş vaxtı üçün işçinin əmək haqqısı ikiqat məbləğindən aşağı olmamaqla ödəniləcəkdir.

İşçinin hesabat dövrü 1 aydan artıqdırsa, nəzərə almaq lazımdır ki, hesabat dövrü ərzində faktiki işlənmiş aylarda fərqlər olur. Bir ay işçi normal aylıq iş vaxtı normasından artıq işləyə bilər, ikinci və üçüncü aylarda isə az.

Misal üçün, müəssisədə cəmlənmiş iş vaxtının uçotu aparılır, və hesabat dövrü rübdür. İş qrafikinə görə işçi işləyəcəkdir:

iyulda - 187 saat
avqustda - 166 saat
sentyabrda - 150 saat

2017-ci ilin istehsalat təqvimində isə bu aylar üzrə iş vaxtı norması aşağıdakı kimidir:

iyulda - 168 saat
avqustda - 183 saat
sentyabrda - 152 saat

İlk baxışdan elə gəlir ki işçi iyul 2017-ci ildə iş vaxtından artıq 16 saat işləyəcəkdir (faktiki iş vaxtı 187 saatdır, iş vaxtı norması isə 168 saat).

Lakin, unudmayaq ki, müəssisədə hesabat dövrü ay deyil, rübdür. Bu çox vacibdir. Bu halda iş vaxtı norması aya üzrə deyil, rüb üzrə hesablanacaqdır.

İstehsalat təqviminə görə 2017-ci ilin 3-cü rübündə iş vaxtı norması 503 saatdır (168+183+152).

Faktiki işlənilən iş vaxtı da 503 saat təşkil edir (184+166+150).

Beləliklə, 2017-ci ilin 3-cü rübündə işçi iş vaxtından artıq iş görməyəcək.

Hesabat dövrü nə qədər uzun olarsa, işəgötürən iş qrafikini elə qura bilər ki, işçi iş vaxtından artıq işləməsin. İş vaxtının cəmlənmiş uçotunda iş vaxtından artıq iş vaxtı hesabat dövrü birdikdən sonra hesablanır - ay, rüb (1 ildən artıq olmamaq şərti ilə).

Nəzərə almaq lazımdır ki, AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir.

Yazı sonuncu dəfə 2019-01-31 tarixində yenilənib.

İş vaxtının rejimi gündəlik həftəlik cəmlənmiş

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!