Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.09.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda aqrar sektorda vergitutma

2017-08-30 | Vergi | Baxılıb: 221 dəfə

Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd tə­sər­rü­fatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müşahidələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergi ödəyiciləri tərəfindən bir sıra suallar yaranır. Məsələnin aktuallığını nəzərə alaraq həmin suallarlarla Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanova müraciət etdik.

 

- Nicat müəllim, söhbətimizə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə müəyyənləşdirilmiş anlayışlardan başlayaq: kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları özündə hansı vacib şərtləri birləşdirir?

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir. Həmin şəxslər həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olurlar. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən istehsalçılardan tədarük edilərək digər şəxslərə satılması, habelə hər hansı formada emal edilməklə satılması ümumi qaydada vergiyə cəlb edilir. Bu sahələrdə yaranan fikir ayrılığı və mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsinə zərurət yaranmış və ötən ilin sonunda Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilərək Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışı əlavə edilmişdir.

Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı anlayışı özündə sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsini, bəslənməsini, diri şəkildə olarkən onlardan məhsulların ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsini, kənd təsərrüfatı məhsullarının satışı sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə istehsal olunan canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsini nəzərdə tutur.

 

- Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

- Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.

Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məh­sulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergi öhdəlikləri yaranır?

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

- Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması necə aparılır?

- Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanılır. Yəni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaqdır.

- Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları necə müəyyənləşdirilir? Bu cür torpaqlar üzrə torpaq vergisinin dərəcəsi necə müəyyən olunur və bu sahədə vəziyyət necədir?

- Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir. Həmin arayışda torpaqların üzrlü və ya üzrsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.

Məlumat üçün bildirim ki, ölkə başçısının 1 iyun 2016-cı il tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarının və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış «Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi haqqında» Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilmiş, görüşlər keçirilmiş və qarşılıqlı müzakirələr aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxış əldə etmiş olacaqlar.

- Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı gğzəştlər müvcuddur?

- Məlum olduğu kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşlarının artırılmasını təşviq etmişdir. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir.

Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların dövriyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə bəzi malların idxalda ƏDV-dən azad edilməsini nəzərdə tutan maddələr Vergi Məcəlləsinə əlavə edilmişdir. Lakin Məcəllənin 159.10-cu maddəsinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, onların ölkə daxilində satışı da ƏDV-dən azad edilmişdir. Buraya aiddir: damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı.

Bunlardan əlavə, mövcud qanunvericilik kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərin də bilavasitə əlaqəli olan fəaliyyət sahəsinə uyğun investisiya təşviqi sənədini almasına və həmin sənəd əsasında müvafiq vergi güzəştlərindən istifadə etməsinə imkan yaratmışdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azaddır.

- Kənd təsərrüfatı məhsullarının satışı prosesində hüquqi şəxslər və fərdi sahibkarlar arasında bağlanmış konsessiya müqaviləsi üzrə yaranan vergi öhdəlikləri necə müəyyən edilir?

- Son zamanlar qanunvericiliyin tətbiqi barədə daxil olan sorğuların əksəriyyətinin təhlili zamanı məlum olmuşdur ki, fərdi sahibkarların hüquqi şəxslərin istehsal etdiyi malları konsessiya müqaviləsi üzrə təqdim etməsi əməliyyatı malların agent tərəfindən təqdim edilməsi əməliyyatı ilə qarışıq salınır.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Vergi qanunvericiliyinə əsasən komissiyaya qəbul edilmiş mallar «Malların təhvil-qəbul aktı» ilə sənədləşdirilir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alınırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır. Elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab edilmədiyindən komitent tərəfindən komisyonçuya verilmiş mallara görə elektron qaimə-faktura təqdim edilmir.

Vergi Məcəlləsinin 172.4.4-cü maddəsində göstərilmişdir ki, agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).

Mülki Məcəllənin 800-cü maddəsinin müddəalarına əsasən konsessiya müqaviləsi üzrə konsessioner kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Mallar barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

Göründüyü kimi, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış komissiya müqavilələri əsasında malların təqdim edilməsi agent vasitəsilə həyata keçirilə bilər. Bu zaman malların satışını komissiya müqaviləsi əsasında həyata keçirən agent üçün vergi tutulan əməliyyatın dəyəri satış üzrə xidmətlərin göstərilməsinə görə ona ödənilən haqdır (mükafatdır).

Konsessiya müqaviləsi əsasında alınmış malların satışından əldə olunan gəlirlər isə tam məbləğdə fərdi sahibkarın vergi tutulan gəlirlərinə (ümumi hasilata) aid edilməli və müvafiq vergilərin hesablanıb dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir.

Mənbə: http://fins.az/budce/927578/azerbaycanda-aqrar-sektorda-vergitutma.html




Son Vergi xəbərləri

2017-09-26 | Vergidən yayınma hallarının qarşısının alınması məqsədilə əlavə tədbirlər görüləcək
2017-08-30 | Azərbaycanda aqrar sektorda vergitutma
2017-08-29 | Təsisçi hüquqi şəxsə borc verdiyi halda faizə gorə vergi bazar qiyməti ilə hesablanır
2017-08-25 | Vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri haqqında YADDAŞ
2017-08-10 | Nağdsız hesablaşmalar haqqında BİLDİRİŞ
2017-08-09 | Yeni qaydalar təsdiq olunub
2017-08-09 | Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq etdi -"cinayət əməli hesab olunur"
2017-07-28 | Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir.
2017-07-28 | Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir.
2017-06-30 | Azərbaycanda Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılır


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Financial Department Manager
Mühasib
Бухгалтер
Бухгалтер ресторанной сети
Accountant (Female)
Mühasib
Kassir

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!