Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Məzuniyyət haqqının hesablanması


2017-07-10 | Kadr işi | Baxılıb: 16518 dəfə

Ödənişli məzuniyyətə çıxan işçiyə orta əmək haqqı (məzuniyyət haqqı) hesablanaraq ödənilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir.

Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

Nəzərə alın ki, vaxtında ödənilməyən məzuniyyət haqqına görə müəssisə AR İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən :

İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Məzuniyyət haqqı işçinin orta əmək haqqısı əsasında hesablanır. Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 140-cı maddəsində verilibdir.

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği / 12

Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4

Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması ilə excel faylda tanış ola bilərsiniz. Mezun_hesablama.xls

Eyni zamanda, səhifəmizdə olan online məzuniyyət kalkulyatorundan da yararlana bilərsiniz.

Misal.

İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:
Tarix Ödənilmiş məbləğ
Sentyabr 2016 1 400
Oktyabr 2016 1 400
Noyabr 2016 1 400
Dekabr 2016 1 600
Yanvar 2017 1 600
Fevral 2017 1 600
Mart 2017 1 600
Aprel 2017 1 600
May 2017 1 600
Cəmi 13 800
Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.

Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat

Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat

Məzuniyyət haqqı = 21 * 50.44 = 1 059.24 manat

Nəzərə alın ki, məzuniyyət günlərinin sayı təqvim günləri ilə hesablanır. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Sadəcə məzuniyyət dövründən sonrakı günlərə məzuniyyət bayram günləri miqdarında uzadılır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası AR Nazirlər Kaninetinin 25.08.1999-cu il tarixli 137 nömrəli Qərarına əsasən müəyyən edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.

Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə; qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
  • istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N

Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshsih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

Misal.

İşçi büdcədən maliyyələşən müəssisədə çalışır və 01 oktyabr 2011-ci il tarixindən AR Prezidentinin müvafiq sərəncamıyla büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları orta hesabla 10% artırılmışdır. Əmək Məcəlləsinə əsasən işçiyə 56 gün məzuniyyət verilməlidir. Məzuniyyət haqqının hesablanmasına baxaq.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi oluşdur:
Tarix Ödənilmiş məbləğ
İyul 2010 400
Avqust 2010 400
Sentyabr 2010 400
Oktyabr 2010 440
Noyabr 2010 440
Dekabr 2010 440
Yanvar 2011 440
Fevral 2011 440
Mart 2011 440
Aprel 2011 440
May 2011 440
İyun 2011 440
Cəmi 5 160
Beləliklə,

ƏH1 olacaqdır: 1200(400+400+400)

ƏH olacaqdır: 3960(440+440+440+440+440+440+440+440+440)

Ə1 olacaqdır: 1.1(440/400)

Orta aylıq əmək haqqı = (1200*1.1+3960)/12=440 manat

Bir günlük əmək haqqı = 440 / 30.4 = 14.47 manat

Məzuniyyət haqqı = 56 * 14.47 = 810.32 manat

Əsas:

AR Əmək Məcəlləsi, Maddələr: 112, 133, 138, 139-142

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş SİYAHISI

AR İnzibati Xətalar Məcəlləsi, Maddələr: 192.4

Mənbə: http://www.muhasib.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!