Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Komisyon qaydada satış və onun ticarət obyekti üçün əhəmiyyəti


2014-12-12 | Vergilər | Baxılıb: 4143 dəfə

Hazırda ölkəmizdə sahibkarlıq fəaliyyəti çərçivəsində pərakəndə və topdan satışla, yəni ticarətlə məşğul olan kifayət qədər sayda təsərrüfat subyektləri vardır. Bu təsərrüfat subyektləri malsatanlardan malları hazır vəziyyətdə alır (əldə edir) və malın əldəetmə dəyərinin üzərinə öz tədavül xərclərini və mənfəətlərini əlavə edərək müştərilərinə satırlar. Bütün ərzaq və qeyri-ərzaq, o cümlədən tikinti materialları və sənaye istehsalı məhsullarını mağazalardan topdan və pərakəndə formada satan hüquqi və fiziki şəxslər satışa çıxarmaq istədikləri malları əsasən alqı-satqı müqavilələri çərçivəsində əldə edirlər. Malların alqı-satqı müqavilələri ilə əldə edilməsi dedikdə, malların onların üzərində tam mülkiyyət hüququna malik olmaq şərtilə əldə edilməsi başa düşülür və sonradan isə özünün xüsusi malı kimi satışı həyata keçirilir.

Lakin, satıcı-ticarət obyektləri malların onların üzərində mülkiyyət hüququna malik olmadan da əldə etməklə və sonradan müştərilərə təqdim edilməsi yolu ilə satışı həyata keçirə bilər. Bunu komisyon qaydada mal satışı kimi adlandırmaq olar və bu qaydada satış Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarının tələbləri əsasında həyata keçirilməlidir. Komisyon qaydada malların satışının ticarət obyekti üçün böyük əhəmiyyəti vardır. Bunu aşağıdakı misal üzərində izah edək.

Məsələn, iki qaydada satış formasını göstərək.

  1. Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisi olan istehsalçı şəxs istehsal etdiyi malı alqı-satqı müqaviləsi çərçivəsində 100 manata Bakı şəhərində fəaliyyət göstərən digər sadələşdirilmiş vergi ödəyicisi olan ticarət obyektinə satır və ticarət obyektində də həmin mal müstəqil qiymət qoyularaq pərakəndə formada 120 manata satılır. Bu halda istehsalçı şəxsin 4 manat (100 x 4%), ticarət obyektinin isə 4,80 manat (120 x 4%) sadələşdirilmiş vergi öhdəliyi yaranır. Deməli, sadələşdirilmiş vergi ödəyicisi olan ticarət obyektinin vergi yükü 4,80 manat təşkil edir.
  2. Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisi olan istehsalçı şəxs istehsal etdiyi malın satışını komissiya müqaviləsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən digər sadələşdirilmiş vergi ödəyicisi olan ticarət obyektinə tapşırır və bu məqsədlə malları ticarət obyektinə təhvil verir. Mal sahibi (istehsalçı şəxs, malın mülkiyyətçisi) ticarət obyektinin sahibi ilə müqavilə bağlayarkən malın 120 manata satışını ticarət obyektinə tapşırır və bununla da mal sahibi alqı-satqıda şəxsən iştirak etmək zərurətini öz üzərindən götürür. Ticarət obyekti isə istehsalçının malı üçün alıcı cəlb etmək və istehsalçının malının satışını 120 manata həyata keçirmək vəzifəsini öz üzərinə götürür və əvəzində satışın 20%-i həcmində muzd tələb edir. Mağaza (faktiki satışı həyata keçirən ticarət obyekti) satılan malın mülkiyyətçisi olmadan həmin malı öz adından 120 manata satsa da, bunu başqa şəxsin (istehsalçının) tapşırığı ilə etmiş olur. Komissiya müqaviləsi məhz elə bir hüquqi əsasdır ki, komisyonçuya (ticarət obyektinə) öz adından çıxış etməklə komitentin (bizim misalda istehsalçı şəxsin) əmlakını özgəninkiləşdirmək hüququ verir. Burada istehsalçıda 4,80 manat (120 x 4%), ticarət obyektində isə 0,96 ((120 x 20%) x 4%) manat sadələşdirilmiş vergi öhdəliyi yaranır. Deməli, komisyon qaydada mal satışı həyata keçirən ticarət obyektinin vergi yükü 0,96 manat təşkil etmiş olur (əvvəlki misaldakına nisbətdə az vergi xərci yaranır).

Komisyon qaydada satışın əhəmiyyəti odur ki, ikinci əl kimi mal satışını həyata keçirən ticarət obyektinin dövriyyəsi barədə məlumatlar daha həqiqətəuyğundur və ticarət obyekti şişirdilmiş dövriyyələrlə təqdim olunan hesabatların qınağına çevrilməyəcək. Həmçinin xərclərin, sənədləşmələrin həcminin və risklərin azaldılması ilə nəticələnən satışın bu qaydası ticarət obyektlərinə daha sərfəlidir. Məsələn, mobil rabitəyə aid SİM-kartların satışından 4% vergi verməsi ticarət obyektinə sərf etmir, ona görə ki, SİM-kartların satışından ticarət obyektinə 2-3% gəlir verilir və bu, heç 4% sadələşdirilmiş vergini ödəməyə bəs etmir. Ancaq SİM-kartlar komissiya qaydasında əldə edilsəydi, ticarət obyekti ona verilən komissiya haqqının (hesablanan 2-3% muzdun) 4%-i qədər vergi verməklə satışı təşkil edərdi.

Ticarət obyektlərinin auditi zamanı hər iki qaydada satış əməliyyatları ilə rastlaşmaq olar. Lakin komisyon qaydada satış fəaliyyətini, demək olar ki, çox az sayda ticarət obyektində görmək olar. Hər iki əməliyyat satış mənzərəsi yaratsa da, mahiyyəti tamamilə bir-birindən fərqlənən əməliyyatlardır.

Mehdi Babayev,
"Professional MÜHASİB" jurnalının baş redaktoru,
sərbəst auditor.

Mənbə: www.vergiler.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!