Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Recep Pekdemir: Mühasiblik insan dünyaya göz açandan başlayır


2019-06-21 | Mühasibat uçotu | Baxılıb: 3021 dəfə

İstanbul Universiteti Biznes fakültəsinin dekanı, İxtisaslaşmış Mühasiblər Assosiasiyasının üzvü, professor Recep Pekdemir "Vergilər.az" saytına müsahibə verib.

- Cənab Pekdemir, 37 ildir İstanbul Universitetində çalışırsınız. Bu illər ərzində çoxlu tələbələriniz olub. Onlara əsas hansı ideyaları aşılamısınız?

- Təbii ki, tələbələrimə biznes müəssisələrini, oradakı mühasibat standartlarını, onların tətbiqi üsullarını öyrətmişəm. Fəaliyyətimlə əlaqədar dünyanın 60-dan artıq ölkəsində olmuşam. Müxtəlif beynəlxalq konfranslarda çıxışlar etmiş, toplantılarda iştirak etmişəm və dünyadakı yeni inkişaf modellərini öz ölkəmə gətirməyə çalışmışam. Türkiyədəki inkişaf modellərini isə dünyaya təqdim etmişəm. Bu təcrübələrlə universitet tələbələrinə daha yaxşı xidmət etmək mümkün olduğunu düşünürəm.

Türkiyədə IFAK standartlarının formalaşdırılmasında iştirak etmişəm. Maliyyə hesabatları, mühasibat uçotu sahəsində ölkənin irəli getməsi, inkişaf etməsi üçün səy göstərmişəm. Təbii ki, bu işlər böyük zəhmət tələb edir. Ardıcıl inkişaf etmək, çalışmaq, ömür boyu öyrənmək və öyrəndiyini ortaya qoymaq lazımdır.

Bu gün gənclərə əsas tövsiyəm odur ki, bir iş görmək istəyərkən ehtiyacı doğru qiymətləndirib qərar versinlər. Tək-tək insanların, qurumların, müəssisələrin, kommersiya şirkətlərinin, eləcə də dövlətin ehtiyaclarını yaxşı öyrənmək lazımdır. Dövlətlərin əsas ehtiyacı vergilərin doğru hesablanması, vaxtında ödənilməsi, təhlükəsizliyin təmin edilməsidir. Dövlət vergini yığa bilməsə yaşaya bilməz. Bunun üçün həmin sahədə dövlətin ehtiyacının nə olduğunu bilmək, bu ehtiyacın qarşılanması üçün lazım olan hazırlıqları görmək lazımdır. Digər tərəfdən, maliyyə hesabatları ilə bağlı investisiya çalışmalarında investorların gözləntilərini bilmək lazımdır. Əgər bir investor buraya gəlirsə, onunla anladığı dildə danışmaq, onun standartı ilə xidmət göstərmək lazımdır. Ehtiyacın qarşılanmasında keyfiyyətli xidmət göstərə bilsən, uğur qazanacaqsan. Mənim həyatımın fəlsəfəsi, yol xəritəsi budur.

- Mühasibatla bağlı son illərin əsas tələbi nədən ibarətdir?

- Bu gün hər bir sahədə mühasiblərə tələbat var. Audit sahəsinə də ehtiyac çoxdur. Şirkətlərin sayı artdıqca ixtisaslı mühasibə tələb yaranır. Kiçik müəssisələrə xidmət göstərən sahələrin də mühasiblərə ehtiyacı var. Ümumiyyətlə, mühasiblik anadan olandan başlayır. Uşaq dünyaya gələndə ona əşyalar alınır, qonşular, qohumlar hədiyyələr gətirir, üstünə qiymətli zinət əşyaları asılır. Uşağın anası-atası həmin əşyaları saymağa, qiymətlərini hesablamağa başlayır. Mühasiblik də oradan başlayır.

Firmalarda da belədir. Firma yaranan kimi mühasibat, maliyyə, vergi ilə bağlı hesabat işləri başlayır. Ona görə də, demək olar ki, hər sahədə bu peşəyə ehtiyac var. İndi informasiya texnologiyaları sahəsində yetişənlər, mühasibatla kompüter proqramlarını birləşdirənlər daha çox uğur qazanırlar. Gün gələcək, hər şey "tək dəftər"də toplanacaq. İndi Türkiyədə belədir. Bütün şirkətlərin elektron dəftərləri və hesab-fakturaları Maliyyə Nazirliyində toplanıb. Yəqin gələcəkdə Azərbaycanda da bu sistem olacaq. Ona görə də mühasiblərin elektron məlumatların emalını bilməsi vacibdir.

- "Tək dəftər"in üstünlüyü nədir?

- Bu, maliyyə əməliyyatlarını yoxlamağı, auditi asanlaşdırır, eyni zamanda vergilərin düzgün hesablanmasına, bütün əməliyyatların şəffaf olmasına imkan verir. Bununla "kölgə iqtisadiyyatı" azalır. Yeri gəlmişkən, "tək dəftər"in yaradılması ilə bağlı təcrübəmizi sizinlə bölüşə bilərik.

- Azərbaycana ilk dəfə 26 il öncə gəlmisiniz. Həmin dövrlə indiki Azərbaycanı, Bakını müqayisə edəndə ilk olaraq nəzərə çarpan nədir?

- O vaxtla müqayisədə paytaxtınız çox dəyişib. 1993-cü ildə mən buraya gələndə Bakıda normal otel belə, yox idi. Ancaq indi bütün dünyada brend sayılan mehmanxanalar var. O zaman bir qıtlıq var idi, şəhər bu qədər təmiz, gözəl deyildi. İndi Bakı müsbətə doğru xeyli dəyişib. Çox bəyəndim, heyran oldum.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/articles/2635.html



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!