Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Qiymətli kağızların vergiyə cəlb olunması


2014-10-22 | Vergilər | Baxılıb: 706 dəfə

Qiymətli kağızlar bazarından əldə edilən gəlirlərin vergiyə cəlb olunması dünya ölkələrində həm nəzəri, həm də praktiki cəhətdən diqqət yetirilən mühüm vergi məsələlərindən biridir. Buna baxmayaraq, xarici ölkələrin vergi sistemləri bu məsələlərin həllində hələ də müəyyən çətinliklərlə üzləşməkdədir. Bu, daha çox son dövrlərdə yeni törəmə maliyyə alətlərinin meydana çıxması və inkişafı ilə əlaqələndirilir.

GÜZƏŞTLİ VERGİ KAPİTAL AXININI GÜCLƏNDİRİR

Qeyd etmək lazımdır ki, xarici ölkələrdə maliyyə xidmətləri bazarı uzun dövrlər ərzində daim dəyişən qanunvericilik şəraitində formalaşmış və hər dəfə yeni qanunvericilik normalarına uyğunlaşdırılmışdır. Bir neçə onilliklər öncə əksər ölkələrin iqtisadiyyatı demək olar ki, qapalı xarakter daşıyırdı. Belə ölkələrin hökumətləri xaricdən asılı olmaq təhlükəsinə görə kənardan gələn investisiyalara çox ehtiyatla yanaşırdılar. Lakin ötən əsrin 70-ci illərindən başlayaraq, bu fikirlər kökündən dəyişmişdir. Artıq iqtisadçılar və siyasətçilər başa düşmüşlər ki, xarici investisiyalar ölkə iqtisadiyyatını inkişaf etdirən əsas amillərdən biridir.

Son illərdə dünya iqtisadiyyatında vergi rəqabəti daha da artmış, vergi yükü yüksək olan ölkələrdən güzəştli vergi rejimi tətbiq edən ölkələrə kapital axını güclənmişdir. Bu da onu göstərir ki, bütün hallarda tətbiq olunan vergi rejimi xarici investisiyaların ölkədə yerləşdirilməsinə təsir edən əsas amillərdən biridir. Bundan irəli gələrək, əksər dövlətlər investisiya qoyuluşları üçün əlverişli şəraitin yaradılmasını həyata keçirdikləri vergi siyasətinin əsas istiqamətlərindən birinə çevirmişlər.

BİRJA VERGİSİ, GERB YIĞIMI...

Qiymətli kağızlar bazarından əldə edilən gəlirlərə qiymətli kağızlarla aparılan əməliyyatlardan, qiymətli kağızları saxlayan şəxslərə ödənilən dividendlərdən və qiymətli kağızların dəyərinin artımından əldə olunan gəlirlər aiddir. Qiymətli kağızlarla aparılan əməliyyatların vergiyə cəlb olunması dünyanın bir çox ölkələrində fərqli formalarda (misal üçün, birja vergisi, gerb yığımı və s.) həyata keçirilir. Buna baxmayaraq, iqtisadi ədəbiyyatda onlar bir ad altında - "qiymətli kağızlarla aparılan əməliyyatdan vergi" kimi birləşdirilir.

VERGİ MÜBAHİSƏLƏRƏ DƏ SƏBƏB OLUR

Qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi bir çox hallarda mübahisələrə də səbəb olur. Bu verginin tərəfdarları təsdiq edirlər ki, onun tətbiqi bazardakı qeyri-sabitliyi aradan qaldırır və maliyyə böhranlarının qarşısının alınmasına kömək edir. Bundan əlavə, onlar daha bir arqument kimi, bu verginin dövlət xəzinəsinin potensial gəlir mənbələrindən biri olduğunu göstərirlər. Çünki hesablamalara görə, qiymətli kağızlar bazarında gün ərzində aparılan əməliyyatların sayı mal və digər xidmətlərlə aparılan ticarət əməliyyatlarının sayını təxminən 50 dəfədən çox üstələyir. Bu verginin tətbiqinin əleyhinə olanalar isə qeyd edirlər ki, onun tətbiqi əlverişsiz olduğu üçün maliyyə bazarına müəyyən ziyan gətirə bilər. Lakin bunlara baxmayaraq, qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi, demək olar ki, dünyanın əksər ölkələrində tətbiq olunur.

ABŞ-da fond bazarında qiymətli kağızlarla aparılan əməliyyatların əksəriyyəti 0,003 faiz dərəcə ilə vergiyə cəlb olunur. Böyük Britaniyada qiymətli kağızlar üzrə gerb yığımı müəyyən edilmişdir. Bu yığım səhmlərin və digər maliyyə əməliyyatlarının həcmindən 0,5 faiz miqdarında tutulur. Qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi Fransada və İtaliyada səhmdar cəmiyyətlərinin səhmləri üzrə 0,14 faiz, dövlət istiqrazları üzrə 0,16 faiz həcmində tətbiq edilir. Lakin bəzi ölkələr o cümlədən Yaponiya, Almaniya və Kanada bu verginin tətbiqindən imtina etmişdir.

AZƏRBAYCANDA QİYMƏTLİ KAĞIZLAR NECƏ VERGİYƏ CƏLB EDİLİR?

Azərbaycanda isə qiymətli kağızların satışından əldə olunan mənfəət (gəlir) ümumi qaydada vergiyə cəlb olunur. Qiymətli kağızlara görə əldə edilən dividendlərdən və qiymətli kağızların dəyərinin artımından tutulan vergi dünyanın inkşaf etmiş ölkələrinin əksəriyyətində tətbiq edilir. Qiymətli kağızların saxlanılmasına görə əldə edilən gəlirdən, adətən, fiziki şəxslər gəlir vergisi, hüquqi şəxslər isə korporativ vergi ödəyirlər. Bir çox ölkələrdə qiymətli kağızların dəyərinin artımından vergi əmlak vergisi şəklində tutulur.

Qiymətli kağızlardan dividend şəklində əldə edilən gəlirlərdən verginin tutulması bir sıra mütəxəssislər tərəfindən mübahisə predmetinə çevrilir. Onların fikrincə, dividenddən verginin tutulması zamanı ikiqat vergitutma halına yol verilir. Belə ki, eyni vəsaitin birinci dəfə vergiyə cəlb olunması dvidendin mənbəyi olan mənfəətdən mənfəət vergisi tutularkən baş verir, ikinci dəfə isə həmin vəsait dividend şəklində verilərkən vergiyə məruz qalır. Çox vaxt bu problemin həlli yollarından biri kimi, dividenddən tutulan verginin dərəcəsi digər növ gəlirlərdən tutulan vergi dərəcəsindən aşağı müəyyən olunur. Eyni zamanda, bir çox ölkələr belə qərara gəlmişlər ki, kapitaldan əldə edilən gəlirdən tutulan vergilər üzrə yüksək dərəcələrin tətbiqi müasir iqtisadiyyat üçün sərfəli deyildir. Fransa və Lüksemburqda fiziki şəxslərin əldə etdikləri dividendən tutulan verginin dərəcəsi 50 faiz aşağı salınmışdır. Azərbaycanda isə dividend şəklində əldə olunan gəlirdən vergi 10 faiz dərəcə ilə tutulur.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, qiymətli kağızlardan əldə edilən gəlirlərin vergiyə cəlb olunması forması ayrı-ayrı ölkələrdə müxtəlif olsa da, bu sahədə vergitutma, əsasən, qiymətli kağızlara qoyulan investisiyalar üçün əlverişli vergi mühitinin yaradılmasını nəzərdə tutur.

Akif Musayev

Azərbaycan Respublikası vergilər nazirinin müşaviri

Mənbə: www.marja.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Hikməti-nur
Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir o da.

Nizami Gəncəvi


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!