Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 29.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Ənənəvi vergilər elektron vergi növləri ilə əvəz edilə bilər


2013-10-27 | Vergilər | Baxılıb: 2628 dəfə

Bu, vergilərin toplanmasını asanlaşdırar və vergidən yayınma riskini minimuma endirər.

Əksər ölkələrdə indi də büdcə kəsiri müşahidə olunur və vergi yükünün artırılması, xüsusilə, yüksək gəlirləri olan insanların gəlir və əmlak vergilərinin artırılması hesabına təkliflər və praktiki tədbirlər zəruriyyətə çevrilir. Bunun üçün maliyyə-iqtisadi böhran zamanı iqtisadi aktivliyi artırmaq məqsədilə, xüsusilə, ən böyük zərər çəkmiş xırda və orta biznes müəssisələri və istehlakçılar üçün güzəştli maliyyə-kredit alətlərinin tətbiqi ilə yanaşı vergi kreditlərinin tətbiqi sahələri artırılmalıdır. Vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədovun sözlərinə görə, vergi krediti dedikdə, məqsədyönlü vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. O hesab edir ki, bu yaxınlaşma daha çox səmərə verə bilər. Çünki, adətən, vergi güzəşti müxtəlif biznes qrupları və sosial təbəqələr üçün veriləndə çox vaxt bu güzəştlərdən vergidən yayınma üçün istifadə olunur. Məqsədyönlu vergi güzəştlərinin (vergi kreditlərinin) üstünlüyü odur ki, vergi ödəyicisi vergi güzəştini ancaq ondan tələb olunan iqtisadi və ya sosial-ekoloji məqsədlərə uyğun hərəkəti yerinə yetirdikdə əldə edə bilər. Başqa sözlə, vergi ödəyicisindən hərəkət, hərəkətə də görə sonradan güzəşt (bərəkət) verilir. Misal olaraq, alternativ enerji mənbələr əsasında işləyən avtomaşın və avadanlıqları istehsal edən müəssisələr və onları alan istehlakçılar üçün vergitutmaya cəlb edilən mənfəətdən və gəlirdən müəyyən həcmdə çıxmalar etməyə icazə verilir. Ətraf mühitin qorunması məqsədilə idxal edilən avadanlıqlar üçün, ekoloji təmiz qida məhsullarının istehsalı sahəsində işləyən müəssisələr və bu məhsulları alan istehlakçılar üçün eynilə vergi kreditləri verilir. Düzgün məqsədlərə yönəlmiş vergi kreditləri yeni müəssisələrin yaradılmasına və istehlakın artmasına səbəb olur, bununla da vergitutma bazası və vergi daxilolmaları da artır. Belə yaxınlaşmada məqsədyönlü güzəştlərin düzgün verilməsinə nəzarət mexanizmi də asanlaşır, çünki vergi krediti mexanizmi bu güzəşti almaq istəyən müəssisənin və ya fiziki şəxslərin gəlirlərinin daha şəffaf göstərilməsini tələb edir. Asəf Əsədovun bildirdiyinə görə, digər vacib məsələ ənənəvi vergitutma modelinin XXI əsrin qlobal tendensiyalarına uyğun təkmilləşməsidir. Hüquqi və fiziki şəxslərin fəaliyyətində bank vasitəsilə və internet üzərində aparılan əməliyyatların həcminin sürətlə artması nəzərə alınaraq, toplanması üçün çox böyük insan, vaxt və maddi resurslar sərf edilən ənənəvi vergilər gələcəkdə yeni elektron əməliyyatlara (E-əməliyyat) görə vergi növləri ilə mərhələ-mərhələ əvəz edilə bilər. Onun sözlərinə görə, bu fikrin arxasında aşağıdakı dəlillər durur. Birinci növbədə, əgər müəssisə işləmir və ya insanın qazanc mənbəyi və gəliri yoxdursa, vergitutma obyekti də yoxdur. Əksinə, əgər müəssisə aktiv işləyirsə, onda bu müəssisənin bank əməliyyatlarının həcmi artır. Eynilə POS-terminallar, internet və mobil telefonlarla E-ödənişlərin aparılması və E-ticarətin geniş inkişafı ilə bağlı gələcəkdə fiziki şəxslər əksər alqı əməliyyatlarını plastik kartlar və digər növ E-pullar vasitəsilə internet üzərində aparacaqlar. Buna görə də hər bank və ya elektron tranzaksiyaya (əməliyyat) görə bu tranzaksiya baş verdiyi anda hüquqi və fiziki şəxslərdən avtomatik olaraq cüzi faiz dərəcəsi ilə vergi tutulsa (və büdcə hesablarına köçürülsə), vergilərin toplanması asanlaşar, vergi inzibatçılığı xərcləri xeyli azalar və vergidən yayınma riskləri minimuma enər. Vergilər nazirinin müşaviri bildirir ki, dünyada banklar vasitəsilə həyata keçirilən maliyyə əməliyyatlarının həcmi toplanılan vergilərin həcmindən 1000 dəfə çoxdur. Ona görə də gələcəkdə əgər müştərinin hər bank əməliyyatına görə 0.1 faiz dərəcəsi ilə vergi tutulsa, bu "elektron əməliyyatlara görə" vergi ənənəvi və böyük xərclərlə toplanılan bir sıra vergiləri əvəz edə bilər. Əgər gələcəkdə "elektron əməliyyatlara görə" vergi tətbiq edilsə, bu vergi hüquqi şəxslərin mənfəət vergisindən və fiziki şəxslərin gəlir vergisindən avtomatik olaraq çıxıla bilər. Bunun üçün vergi orqanlarının banklarla e-ödəniş sənədlərinin mübadiləsi olmalıdır, hansı ki, əksər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunur. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz vergi kreditləri də mənfəət və gəlir vergitutma bazasından çıxılır, aydın olur ki, gələcəkdə bu vergilər üzrə vergi dərəcələri minimum səviyyəyə endirilə bilər.

Yüksək innovasiyalara əsaslanan iqtisadiyyatda, aşağı vergi dərəcələrinin tətbiqi ilə yanaşı, eyni zamanda, vergi daxilolmalarının xeyli artmasını təmin etmək olar. Misal üçün, İrlandiyada uzun müddətdir dünyada ən aşağı vergi dərəcəsi ilə (10 faiz, 2008-ci ildən 12,5 faiz) mənfəət vergisi tətbiq olunur. Torpaq və əmlak vergisi üzrə "0" vergi dərəcələri tətbiq olunur (əgər əmlak gəlir əldə etmək məqsədilə ikinci bazarda satılmırsa). Buna baxmayaraq, 4 mln əhalisi olan İrlandiyada vergi orqanları tərəfindən 2008-ci ildə 50 milyard avro həcmində vergi yığılmışdır. Əgər gələcəkdə "elektron əməliyyatlara görə" vergi və müxtəlif məqsədyönlü vergi kreditləri geniş şəkildə bütün ölkələr üzrə tətbiq olunsa, mənfəət və gəlir vergiləri üzrə vergi dərəcələrini minimuma endirilməsi faktiki bu vergilərdən yayınmasını iqtisadi baxımdan mənasız edəcək. Buna görə də gələcəkdə vergi orqanlarının insan, vaxt və maddi resursları audit sahəsindən daha çox vergi ödəyicilərinə xidmət sahəsində istifadə olunacaq. Artıq bu sahədə Azərbaycanda irəliləyiş müşahidə olunur Məsələn 2013-cü ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən göstərilən elektron xidmətlər vasitəsilə əhali tərəfindən 200 minə yaxın əməliyyat həyata keçirilib. www.dsmf.gov.az və www.sspf.gov.az elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, fondun təqdim etdiyi xidmətlər "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə ən çox müraciət edilən elektron xidmətlər sırasındadır. İlin ötən dövrü ərzində "Pensiya kapitalı barədə məlumat" (21 729 əməliyyat), "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (21 659 əməliyyat), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (8 370 əməliyyat), "Pensiya kalkulyatoru" (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olub. Qeyd edək ki, iyulun 1-i elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 min 10 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib. Artıq fondun 76 yerli orqanı üzrə 590 min 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub. Yanvar-iyun ayları ərzində 43 min 368 sığortaedən tərəfindən 131 min 583 əməliyyat həyata keçirilərək 12 milyon 55 min 665 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib. Onu da qeyd edək ki, sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılıb. Digər müəssisə və təşkilatlarda həyata keçirilən elektron əməliyyatları da nəzərə alsaq görərir ki, ölkədə bu sahədə ciddi canlanma var.

Mənbə: www.ucnoqta.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!